Azərbaycanda 10 minlərlə ailə var ki, ən kiçik arzularını həyata keçirə bilmirlər.. təbii ki, dünyada ailələrin təxminən 75%-i də bu gündədir, ancaq Azərbaycanda kasıbçılıq heç də obyektiv səbəblərdən qaynaqlanmır, demək olar ki, problemlərimizin 90% subyektiv səbəblər (milli gəlirlərimizin qeyri bərabər bölüşdürülməsi, korrupsiya və s) üzündən yarandığından biz belə hekayələrə daha çox təsirlənirik.. Necə deyirlər, “varlı ölkənin kasıb vətəndaşları” oxuyun, təsirlənin:Keçmiş xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev feysbuk hesabında belə bir təsirli yazı paylaşıb:
Ən gerçək süjetləri həyat özü verir.O`Henrinin “Taleyin töhfəsi” (The Gift of Magi) adlı hekayəsi var.Kasıb, gənc ailə. Son dərəcə gur, gözəl saçları olan qadının ən böyük arzusu bahalı mağazanın vitrinində gördüyü daraq dəstini almaqdır. Ərinin isə atadan qalma saatı var və daim bu saata zəncir almaq barəsində düşünür. Milad gecəsi qadın saçını kəsdirib parik düzəldən bərbərxanaya satır, ərinə saat zənciri alır. Əri isə saatını satıb xanımına daim müştəri gözü ilə baxdığı daraq dəstini alır. Hədiyyələri təqdim etmək məqamı çatanda məlum olur ki,artıq nə qadının əvvəlki gur, gözəl saçları var, nə ərinin saatı…
Sosial şəbəkədə bir nəfərin dostundan 100 manat borc götürmək üçün SMS icazə alıb evdən çıxdığı, sonra isə vaxt həddini aşdığına görə həmin pulu cərimə kimi ödədiyi haqda xəbəri oxuyanda O`Henrinin məşhur hekayəsi yadıma düşdü…