Azər Əliyev: “İnsanların böyük bir hissəsinin sığorta ilə bağlı ümumiyyətlə məlumatı yoxdur”
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyevin İndex.az-a müsahibəsi:
– Azər müəllim, son açıqlanan 7 aylıq sığorta icmalına əsasən yığımlar 467 milyon manatı ötüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 milyon manat çoxdur. Məhz bu reallığı nəzərə alaraq yerli sığorta bazarının mövcud vəziyyətini necə dəyərləndirərdiniz? -Bəli, doğru qeyd edirsiniz, ötən illə müqayisədə bu ilin yığımlarında artım qeydə alınıb. Lakin bununla paralel olaraq ödənişlərdə də artım müşahidə olunur. Bu gün sığorta sektorunda həll edilməsi labüd olan çox sayda problem mövcud olsa da, lokal bazarda ilbəil inkişafı hiss olunur. 10 il öncəki sığorta bazarı ilə indiki reallıq arasında nəzərə çarpacaq dərəcədə fərq var. Bunlar təbii ki, verilən düzgün qərarlar və uğurla aparılan sığorta siyasəti nəticəsində mümkün olub. Bununla belə mövcud problemlərin həll edilməsi istiqamətində intensiv işlər aparılır.2020-ci il üçün bizim gözləntilərimiz tamamilə fərqli idi. Yəni daha yüksək nəticə proqnozşaldırırdıq. Lakin COVID-19 pandemiyası digər iqtisadi sahələrdə olduğu kimi Azərbaycan sığorta bazarı üçün də proqnozların dəyişdirilməsinə səbəb oldu. Buna baxmaraq sığorta sektoru Azərbaycan Mərkəzi Bankının nəzarəti altında pandemiya müddətində də fəaliyyətlərini davam etdirdi və bu prosesdən üzü ağ çıxmağa nail oldular. -Bundan əvvəlki müsahibələrinizdə bildirmisiniz ki, sığorta bazarının potensialı böyükdür, amma bundan tam istifadə edə bilmir. Bunun səbəbləri nələrdir? Nədir sığorta bazarının inkişafına baryer yaradan məqamlar?-Bəli daha öncə bildirdiyim kimi Azərbaycan sığorta bazarının potensialı olduqca genişdir. Lakin bu potensialdan tam istifadə edilmir və ya istifadə edilə bilmir. Təbii ki, hər bir problemin yaranmasına müxtəlif amillər səbəb olur. Sığorta sektorunda real inkişafa mane olan ən mühüm amil əhalinin, yəni mövcud və potensial sığortalı kontingentinin bu sahə ilə bağlı yetəri qədər məlumatının olmaması və ya yetərincə məlumatlandırılmamasıdır. İnsanların böyük bir hissəsinin sığorta ilə bağlı ümumiyyətlə məlumatı yoxdur, bir qrup insan isə əldə etdiyi sığorta məhsulunun onu hansı risklərdən müdafiə etdiyi barədə tam təfərrüatlı məlumata sahib deyil. Bu gün insanlarımız sığortaya məcburi ödənilməli rüsum kimi baxır. İcbari sığorta növlərini əksər vətəndaşlar cərimələnməmək üçün əldə edirlər. Qeyd olunan sığorta siniflərinin imperativliyinə baxmayaraq hələ də əmlakını və işçisini sığorta etdirməyən sahibkarlar və vətəndaşlar var. Sığorta sektoru ilə bağlı məlumatlılığın tam təmin olunmaması səbəbilə icbari növlərlər yanaşı, həm də könüllü sığorta bazarı da gözlənilən səviyyəyə çatmayıb. Bu səbəbdən sığorta bazarının indiki mərhələdə inkişafı məlumatlandırma və maarifləndirmədən birbaşa asılıdır. Təbii ki, bu müddət ərzində sığortaçıların üzərinə məsuliyyət düşsə də, sığortalılar da bu prosesdə eyni dərəcədə fəal iştirak etməlidirlər.
-Necə düşünürsünüz, məhz indiki mərhələdə sığorta bir biznes sahəsi kimi qəbul edilməlidir, yoxsa sosial əhəmiyyətli bir hadisə kimi?
-Əksər ölkələrdə sosial müdafiənin bütün yükü sığorta sektorunun üzərinə düşür və dövlət hadisə baş verdiyi zaman heç bir köməklik etmir. Məhz bu reallığı nəzərə alaraq deyə bilərəm ki, sığorta hər bir ölkədə və hər zaman bir sosial müdafiə mexanizmi rolunu oynayır. Sığorta sektoru risklərin bölüşdürülməsi funksiyasını həyata keçirən əsas, hətta yeganə institutdur. Hər kəs təhlükəsiz bir mühitdə yaşamaq istəyir, amma ən sakit bölgədə də risk həmişə var. Sığorta isə insanlara hadisə baş verən zaman yaranmış maddi zərərin qarşılanmasını həyata keçirir.Sığorta şirkətləri isə müştərilərə öz xidmətərini satır və nəticədə gəlir əldə edirlər. Hər bir sığorta şirkətinin inzibati xərcləri, əməkdaşlarının əmək haqqları, reklam və s kimi xərcləri və öhdəlikəri mövcuddur. Sığorta şirkətləri kommersiya fəaliyyətini həyata keçirən biznes qurumlarıdırlar. Hər bir şirkətin əsas məqsədi maliyyə ilini zərərsiz və gəlirlə başa vurmaqdır.Bütün bunları ümumiləşdirsək, sığorta bir biznes sahəsi olmaqla yanaşı, həm də və əsasən sosial əhəmiyyətli bir hadisədir.
-Azər müəllim, illər öncə Azərbaycanda sığorta təhsili ilə bağlı ayrıca fakültələr var idi. Amma bildiyimiz qədərilə hazırda o fakültələr bağlanıb və Azərbaycanda heç bir ali təhsil müəssisəsi sığorta təhsili vermir. Bəs sığortaçılar harada yetişir? Və növbəti mərhələdə sığorta təhsilinin bərpa edilməsi nə dərəcədə real görünür?
Hər bir sahənin inkişafı ixtisaslı, peşəkar kadrlardan asılıdır. Dünyanın bir çox nüfuzlu universitetlərində sığorta ixtisas kimi tələbələrə tədris edilir. Azərbaycan universitetlərində isə bu vəziyyət fərqlidir. Sığorta kimi geniş bir mövzu başqa bir fənnin tərkibində bir neçə saatlıq dərs kimi keçilir. Bu səbəbdən də universteti bitirən tələbələrin böyük bir qisminin bəzən sığorta haqqında elementar nəzəri bilikləri də çox zəif olur və az sayda tələbənin bu sahəyə marağı, həvəsi olur.Bütün bunlara baxmayaraq Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Mərkəzi Bankı ilə birlikdə sığorta sektorunun inkişafını stimullaşdıran, sığortaçıların maneəsiz fəaliyyətini təmin edən layihələrlə yanaşı həm də lokal bazarda maarifləndirmə işlərinin həyata keçirilməsində də maraqlıdır. Bu istiqamətdə növbəti mərhələ üçün nəzərdə tutulan layihələrin sığorta bazarına yeni və keyfiyyətli kadrların cəlb olunmasına müsbət töhvə verəcəyinə əminik.
-Bu gün bəzi hallarda çoxsaylı şikayətlər sığorta ödənişlərinin gecikdirilməsi və ya ödənişlə bağlı şirkətin imtina verməsi ilə bağlı olur. Bu problem nədən və ya kimlərdən qaynaqlanır və Sığortaçılar Assosiasiyası olaraq bunun həllini nədə görürsünüz?
-Hər bir sığorta şirkətinin əsas məqsədi müştəri məmnuniyyətini təmin etmək və onlara maksimum dərəcədə yüksək xidmət göstərməkdən ibarətdir. Doğru qeyd etdiniz, bu gün daxil olan şikayətlərin demək olar ki, 90%-i məhz ödənişlərlə bağlı problemlərdən ibarətdir. Təbii ki, bu şikayətlərin içində əsaslı olanlar bərabər, əsassız şikayətlər də mövcuddur. Şikayətlərin böyük bir qismi sığortalının sığorta müqaviləsi ilə tam şəkildə tanış olmaması səbəbilə ortaya çıxan anlaşmazlıqlar nəticəsində yaranır. Tərəflər bir-birilərinin hüquq və vəzifələrini tam şəkildə anlamırlar.Qanuna görə sığortalıya və faydaəldəedən şəxsə sığorta ödənişi ən son sənəd sığorta şirkətinə təhvil verildikdən sonra 7 iş günü ərzində həyata keçirilməlidir. Lakin bəzən sığortalılarda elə təsəvvür yaranır ki sığorta şirkəti ödənişi ona hadisə baş verdikdən sonrakı 7 iş günü ərzində ödəməlidir. Sənədlərin toplanılması isə bəzən aylar çəkə bilər. Sığorta şirkətləri isə onlara son sənəd təhvil verildiyi gündən sonrakı 7 iş günü ərzində sığortalıya və ya faydaəldəedənə ödənişin verilməsini həyata keçirə bilər.Bildiyiniz kimi hər bir sahədə olduğu kimi sığorta sahəsində də elektronlaşma prosesi gedir. Xüsusilə də COVID-19 pandemiyası bu prosesi əhəmiyyətli dərəcədə sürətləndirdi. Hesab edirəm ki, elektronlaşma mərhələsi qısa zamanda tam başa çatdıqdan sonra sənədləşmə fiziki təmasla yox, məhz elektron qaydada və daha çevik, mobil, operativliklə həyata keçiriləcək. Bu da növbəti mərhələdə sığorta ödənişlərinin gecikməsi ilə bağlı yarana biləcək şikayət və problemləri bir dəfəlik aradan qaldırmış olacaq.
-Bilirik ki, hazırda icbari növlərin zərərliliyi əhəmiyyətli dərəcədə yüksəkdir. Belə olan halda sığortaçılar nə kimi bir strategiya tətbiq etməlidirlər ki, balansı qoruya bilsinlər?
-İcbari növlər sığorta bazarının lokomativi rolunda çıxış edir. Əsas hərəkətverici qüvvə məhz icbari siniflərdir. Amma sığorta sektorunun inkişafını yalnız icbari növlərlə həyata keçirmək doğru deyil. İnsanlarda sığortaya marağı, sığorta ənənəsi icbari növlərlə aşılanır, amma könüllü növlərlə davam etdirilir. Bu gün dünyanın bir çox ölkəsində vətəndaşlar qarşılaşacaqları riskləri bilərək sığorta məhsulu əldə etməyə könüllü şəkildə müraciət edirlər.Azərbaycanda icbari növlər, xüsusilə də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü sığorta şirkətləri üçün zərərli bir növ olaraq qiymətləndirilir. Bu gün icbari növlər üzrə ödənişlərin böyük bir qismə bu məhsulun payına düşür. Təbii ki, məhsulun zərərli olaraq qiymətləndirilməsinə bir çox amillər təsir göstərir. Bura hadisənin baş vermə intensivliyinin yüksək olması aiddir. Eyni zamanda bu və digər sığorta növləri haqqında qaydalar müəyyənləşərkən məhz o düvrün tələbləri nərəzə alınmışdı. Real prizmadan yanaşsaq, dəyişən sosial-iqtisadi vəziyyət fonunda tələb və təklif zəncirində də dəyişikliyin meydana gəlməsi qaçılmazdır. Baş verən dəyişikliklərə adekvat olmaması isə bu sığorta növünün zərərli olaraq qiymətləndirilməsinə başlıca səbəbdir.
-Bu gün yerli sığorta bazarında xarici təcrübənin tətbiqinə nə dərəcədə ehtiyac var?
Xarici təcrübənin üstün cəhətlərinin hər bir sahədə tətbiqinə daim ehtiyac var. Uğurlu təcrübələrdən yararlanmaq lazımdır. Bu gün sığorta sektorunda dünya təcrübəsindən mütəmadi olaraq istifadə edilir. Güclü iqtisadiyyatlara sahib inkişaf etmiş ölkələrin sığorta sektoru ilə tanışlığı uzun illər əvvələ dayanır. Yerli bazar üçün isə bu termin həmin ölkələrlə müqayisədə olduqca yenidir. Bu gün dünyanın bir çox ölkəsində sığorta bazarının həcmi milyardlarla ölçülür və iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir.Sevindirici haldır ki, bu gün yerli sığorta bazarında bir çox ölkələrin təcrübəsindən uğurla istifadə edilir. Məsələn, yaxın keçmişdə yaradılmış Aqrar Sığorta Fondu məhz Türkiyənin TARSİM modeli əsasında quruldu.Qeyd etmək istəyirəm ki, yaxın vaxtlarda Azərbaycan Sığortaçılar Assosiasiyası ölkədə dünya sığorta təcrübəsinin daha geniş tətbiq edilməsi və qarşılıqlı beynəlxalq əlaqələrin formalaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirəcək.
-Azər müəllim, son illərdə sığorta yığımları ilə bağlı rekord göstərici məhz 2018-ci ildə qeydə alınmışdı, yığımlar 700 milyon manatı ötmüşdü. Ümumi dinamikadakı müsbət tendensiyanı nəzərə alsaq necə düşünürsünüz, Azərbaycanın sığorta bazarı 2018-ci il rekordunu bu il təzələyə biləcəkmi?
-Əgər mövcud problemlər aradan qaldırılsa və potensialımızı tam istifadə edə bilsək hətta 2018-ci ildəki göstəricini də rahatlıqla keçə bilərik. O zaman sığorta bzarının ÜDM-dəki payı bəlkədə 2-3%-ə qədər yüksələ bilər. Yerli bazarın 2020-ci il üçün bizim gözləntiləri 2019-cu ilin eyni dövləri ilə müqayisədə qat-qat yüksəkdir. Lakin pandemiya bizim üçün də gözlənilməz oldu. Buna baxmayaraq, sığorta sektoru daim inkişaf edir və hər il bazar həcmi daha da genişlənir. Xüsusilə də Azərbaycan Mərkəzi Bankı requlyator təyin edildikdən sonra bazarın inkişaf dinamikasında yüksək temp müşahidə olunur. Hesab edirəm ki, lokal sığorta bazarının inkişafı üçün bu gün gördüyümüz işlər, çox qısa zaman sonra müsbət tendensiyalarla öz bəhrəsini verəcək.