Bu yazını yazmaqda məqsədim barədə açıqlama verim.
Tanınmış teleaparıcı, “Sabaha Saxlmayaq” verilişinin tanınmış aparıcısı,sevimli jurnalistimiz Vüsalə xanım Məmmədovanın, karonavirus bəlası ilə 14 gün müddətində apardığı mücadilə,qarşılaşdığı çətinlik və problemlərlə baglı paylaşımını oxudum.
Bu günkü günə coxlarımızın rastlaşdığı və keçirtdiyi problemlər,bir jurnalist qələmi ilə və daha dərin analizlərləişıqlandırılır bu yazıda.
Ancaq yazımın əsas məqsədi də bu deyil…
Vüsaləxanımın yazısına kifayət qədər şərhlər var.Əksəriyyət Vüsalə xanıma tezliklə virusa qalib gəlməsini və tezliklə sağlamlığına qovuşmasını arzu edir.Bu da təbiidir.
Ancaq şərhlər cərgəsində mənə daha çox təsir edən, bir şərhə Vüsalə xanımın cavabı oldu.
Məhz bu səbəbdən də Vsalə xanımın yazısını paylaşmaq qərarına gəldim.
Həmin şərhi və Vüsalə xanımın cavabını olduğu kimi qeyd edirəm.
Şərh:
– Prezidentdən müsahibə götürən adamsan,o boyda nüfuzun var, TV aparıcısısan, yazarsan… bu qədər xidmətlərin var… niyə hay-küy salmırdın biraz?
Gör necə tökülüb gəlirdilər…
Bu qədər də təvazökarlıq olmaz… bir az özündən muğayat ol… sən dəyərli insanımızsan.. Tez sağalasan inşaallah.
Və Vüsalə xanımın cavabı:
– Sağ ol vallah…
Bilirsən ki,heç vaxt etmərəm.
Jurnalist xəstələnməyib,vətəndaş xəstələnib.
TV-də çaləşmaq məni kimdənsə üstün etmir.
Və digər bir şərhə cavab olaraq,öz xəsətəliyin unudaraq belə cavab verir:
– Dilqəm gilin gələcəyi günləri sayıram.
Bu möhtəşəm cavablar ətrafında heç bir fikir bildirmədən, Vüsalə xanımın yazısını sizlərlə bölüşürəm.
Fikir bildirməyi də sizlərin ixtiyarına buraxıram.
Covidə yoluxmağımın 14-cü günüdür. Karantinim başa çatmaq üzrədir. Sabah test verib, nəticəsinə görə normal həyata qayıdacam. Amma bütün ağrılarına rəğmən #koronavirus yaddaşımda xəstəlik deyil, cəza kimi qalacaq…
Bu müddət ərzində özümü xəstədən çox cinayətkar kimi hiss etdim.
Testimin cavabı pozitiv çıxdığı gün SMS gəldi: Covidsən! Evdən çıxsan cinayət məsuliyyətinə cəlb olunacaqsan!
Özünü təqdim etməyən ayrı-ayrı nömrələr telefonu çaldırdı, geriyə yığdım, qızdırmalı halda özümün və ailə üzvlərimin şəxsiyyət vəsiqələrindəki rəqəmləri dedim… Onlar da “xox” gəldilər ki, evdən çıxma!
Danışa da bilmirsən ki, soruşasan “hara çıxasıyam? Addım atmağa heyi olmayan xəstə hara gedəsidir ki?”
Bir tərəfdən də gücünü toplayıb yataqda sağdan sola çevriləndə e-təbib tətbiqetməsinin bildirişi: Siz karantin ünvanını tərk etmisiniz. Geri dönməyiniz tələb olunur!
İnsaf! Azı 15 dəqiqə vaxt lazımdır ki, yenidən güc toplayıb, geri dönəsən… Yəni sağ tərəfinə çevriləsən…
27 illik qaçqın təcrübəm var deyə heç kimdən insani münasibət gözləmirəm. Bu illər ərzində özüm başıma çarə qılmağı öyrənmişəm. Dərhal qərar verdim ki, covidə yoluxdunsa, əvvəlcə telefonu söndürməlisən. Yoxsa son nəfəsini telefondakılara “evdən çıxmamışam” deməklə tükədəcəksən…
Sonuncu günümdür. Hələ də bir nəfər deməyib ki, bu dərmanı iç və ya Allah şəfa versin
Giley-gülzar deyil, ağrını da bəlli etməyən adamam. Sadəcə görürəm sağalan dostlar həkimə, TƏBİB-ə, Səhiyyə Nazirliyinə təşəkkür edir. Ənənəni pozmamaq üçün mən də təşəkkür edirəm. Tanrıya təşəkkür edirəm! Sağ olsun ki, bu günlərdə anamla bacımı qorudu, aptek-aptek gəzib, lazım olan dərmanları aldılar. Bir də sağ olsun ki, şəfa verdi. Bundan sonra da verəcəksə, ona görə də öncədən minnətdaram!
Təcrübəli covidli kimi sizə də sözüm var. Özünüzü qoruyun demirəm, gec, ya tez, hamı yoluxacaq. Əsəblərinizi qoruyun, immunitetinizi yüksək tutun. Əlamətləri hiss etdinizsə, kimsəni yoluxdurmamağa çalışın ki, vicdanınız rahat olsun
Xudayar demiş, ba belə…
P.S.Dostlar deyir, nə qədər ki, covidsən, bir neçə şar doldur saxla. Lap imkan varsa balonlara asqır, ağzını möhkəm bağla