Gömrük Komitəsi “işbazlardan qorunuruq” adı ilə xaricdən gələn malları əlçatmaz etdi, indi də keçirik BNA -ya. Yeni konsepsiyalarına görə, taksiləri də vahid dispetçer xidmətinə bağlayırlar. Tariflər də vahid olacaq. Düz də edirlər. Həqiqətən də, biz kimik ki, istədiyimiz, cibimizə uyğun qiymətə taksi sifarişindən yararlanaq? Hansı 4 rəqəmi bassan bir taksi xidməti cavab verir. Nə özbaşınalıqdır bu belə? Son qoyulmalıdır. Hamı bir nöqtəyə döyməlidir. Vətəndaşların rifahının yüksəldilməsi naminə, minsəniz də budur, minməsəniz də…Əlbəttə ki, bütün bu görülən tədbirlər, atılan addımlar biz vətəndaşın firavan şəkildə çərləməsi üçün nəzərdə tutulmuşdur. Təbii ki, vətəndaş narazılığı, əl atdığı hər sahədə seçim imkanının məhdudlaşdırılması filan kimsənin umrunda olmamalıdır. Vətəndaşın fikri ilə oturub-durmalı olsalar hamımız özümüzü bir şey sanarıq… Deyirlərsə, “belə olacaq”, o deməkdir ki, elə dedikləri kimi də olacaq. Açıqlamanı gözləyək – “əslində, biz elə demirik, insanlar bizi düz anlamır”…