İlk dəfə idi ki, Füzuli rayonunda olurdum. Bu torpaqlara gəldiyimiz ilk anlardan qəribə hisslər keçirməyə başladım. Keçdiyimiz ərazilər əvvəllər ermənilər tərəfindən işğal olunub və daha sonra geri qaytarılan torpaqlardır. Hətta bu torpaqların yeni adı da var – Qayıdış…Burada yaşayan insanların simasında qəribə bir rahatlıq var. Sanki heç nə olmamış kimi həyatlarına davam edirlər. Haqlıdırlar da… Hadisələrin üstündən illər keçib. Onlar bu duruma artıq alışıblar. Mənə hər zaman maraqlı olub, görəsən, işğal altında olan torpaqlarımız geri qaytarılarsa, insanlar qayıdarlarmı dədə-baba torpaqlarına?! Və ya neçə faiz insan qayıdar?! Füzuli rayonunu seyr edə-edə həyəcanım durmadan artırdı. Özümdən asılı olmadan daxilimdə vətənpərvərlik və qürur hissləri yaranırdı. Sanki bu torpaqların geri qaytarılmasında xeyli əziyyətim olubmuş kimi… Möhtəşəm bir qayıdış yaşayıbmışam kimi… Həmin gün Füzuliyə gedib çıxmağım özü bir təsadüf idi. Amma zərurətdən doğan təsadüf… Anamı həkimə aparırdım. Əslində həmin gün səhər tezdən Bakıdan düz Göyçaya getmişdim. Ən yaxın dostlarımdan biri doğma insanını itirmişdi. Dostuma və ailəsinə başsağlığı verib evə qayıdanda yolumu Sabirabaddan salmışdım. Anamı götürüb Bakıya həkimə gətirməyi planlaşdırırdım. Amma anam mən gələnə qədər maraqlanmış və ona öz sağlamlıq problemi ilə əlaqədar çox tanınmış bir həkimi məsləhət etmişdilər. Həmin həkim isə Bakıda yox, Füzulidə idi. Horadiz qəsəbəsində… Mən də razılaşmışdım. Sabirabada çatıb anamı götürən kimi birbaşa Füzuliyə yola düşdük.Axşam düşdüyündən və vaxt azlığı səbəbilə maşını saxlayıb gəzə bilmədim buralarda. Yol gedə-gedə məndə belə bir düşüncə yarandı: Bu ərazilərdə qəribə bir hüzur, sükut var. Bəlkə də buralarda oğurluq, quldurluq da etmirlər. Mənə elə gəlir ki, buradakı insanlarda paxıllıq, qəzəb, kin, qisas, nifrət hissləri zamanla yox olub və insanlar bir-birinə qarşı daha mərhəmətli, ədalətlidirlər. Onlar döyüş yolu keçib və sonunda qələbəyə doğru birgə addımlayıblar… Bəlkə də burada heç yol polisi belə yoxdur. Çünki buralarda yaşayan, bu yollardan keçən insanları cərimələmək, qayda pozub deyə onların avtomobilini cərimə meydançasına aparmaq özü də bir yanlışlıq olardı…Yox, əlbət ki, hər yerdə olduğu kimi, burada da polis var. Lakin bu ərazidə polislər insanları incitməz deyə düşünürdüm sükan arxasında… Qayıdış qəsəbəsinin adı məni çox kədərləndirmişdi zatən… Pərişan olmuşdum. Bir anlıq anamla ikimizin belə uzun yol getməsinin də çox nadir hallarda olduğunu düşündüm. Avtomobildə bir səssizlik vardı. İkimiz də susurduq. Bir çay içib, bir az istirahət etmək lap yerinə düşərdi… Lakin bu torpaqlarla bağlı fikirlərim başımda cürbəcür don alırdı. Avtomobil idarə edərkən öz-özümlə müzakirə etdiyim bu emosional düşüncələrimi anamla bölüşdüm: “Ana, bu yerlərdə məncə, insanları incitməzlər. Adamlar zatən zamanında kifayət qədər incidilib. İnanmıram, burada nəsə özbaşınalıq ola. Bəlkə burada heç bir dəfə də olsun, bir polis kimisə cərimələməyib. İnanıram mən buna…” Elə bunu demişdim ki, məni yol polisi saxladı. Bir anlıq susqunluqdan sonra ikimiz də qəfildən başladıq gülməyə. Anamın gülüşü o qədər səmimi, o qədər içdən idi ki, polisin nə vaxt bizə tərəf gəldiyini belə hiss etmədim. Polis özünü təqdim edəndə biz hələ də gülürdük. Amma gülə-gülə də olsa, sənədləri ona təqdim etmişdim…Polisə hörmətsizlik olmasın deyə, özümü toplamağa çalışsam da, gördüm ki, anam səsli gülməyə davam edir. Polisin də azca dodağı qaçmışdı…Vəziyyəti polisə izah etdim ki, söhbət edə-edə əslində həm də bir çayxana axtarırdıq ki, oturub çay içək və bir az dincələk. Bu səbəbdən də diqqətsizlik edib qayda pozuntusu etmişdim. Polis vəziyyəti anladı, gülümsündü, doğma torpaqlarını çox yaxşı tanıdığını bildirdi və mənə onu müşayiət etməyimi söylədi. Polis əməkdaşının arxasınca yola çıxdım. O, bizi yaxınlıqdakı gözəl bir çayxanaya apardı. Çox qəribə hisslər keçirirdim. O, mənə cərimə də yazmadı. Polisin bizi ötürüb xidməti maşınına minərək geri qayıtması da əsl qayıdış idi. Bu Qayıdış insanlarla insanlığı bir-birinə bağlamışdı, işğal hadisələrindən əvvəlki doğmalığı, istiliyi, səmimiyyəti öz sakinlərinə qaytarmışdı. Burada yaşayan insanların ən kiçiyindən tutmuş ağsaqqalına qədər hər kəs bir-birinə doğma idi, çünki onları birləşdirən torpaq və tarix var idi. Onlar yaşanmış hadisələri unutmağı deyil, xatırlayaraq bir-birinə tutunmağı seçmişdilər. Amma qəlblərində kin, nifrət hisslərini boğaraq, sakit, hüzurlu yaşamağı seçmişdilər. Çünki bu dəfə həqiqətən xoşbəxt yaşamağın əsl vaxtı idi. Axı illər boyu həsrət və ümidlə gözləyən insanlar buna hamıdan çox layiq idilər. Və ən əsası bütün bu gördüklərimlə yolda anamla bölüşdüyüm fikirlər hardasa öz təsdiqini tapmışdı. Belə də bilirdim: Bu torpaqlarda yaşayan, gəzən, qonaq olan insanları üzməzlər. Axı illər öncə kifayət qədər üzülmüşük…
Nicat Əlibəyli