Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sentyabrın 4-də Nərimanov rayonunda bina tikintisi zamanı kranın aşması ilə bağlı açıqlama yayıb.
Eləcə də bax: Bakıda aşan krana görə bu şirkətlərə – CİNAYƏT İŞİ AÇILDI
FED.az xatırladır ki, Möhsün Sənani 37 ünvanında baş verən hadisə nəticəsində bir nəfər (kranını sürücüsü) həlak olub, ətrafda parkinq edilmiş 6 avtomobilə isə zərər dəymişdi.
ASA bu hadisə ilə bağlı bildirib ki, belə qurğuların istifadəçiləri öz məsuliyyətlərini sığortalamalıdırlar.
«İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 42.2 maddəsinin tələbinə görə, əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir»-deyə ASA-dan bildirilir.
ASA-dan verilən məlumata görə, növün imperativliyindən irəli gələrək əmlak sahibi olan sahibkarlara sığorta etdirmədikləri təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə tətbiq edilir.
«Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növü qeyd olunan Qanunun preambulasında da bildirildiyi kimi, daşınmaz əmlakın istismarı, eyni zamanda həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəymiş zərərin qarşılığının ödənilməsi məqsədi ilə tətbiq edilir: «İstismarı ilə bağlı mülki məsuliyyətin sığortası məcburi olan əmlak dedikdə, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyəti həyata keçirmək məqsədi ilə istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular və sahələr nəzərdə tutulur».
Bu növ üzrə aşağıda qeyd olunan hallar sığorta hadisəsi hesab olunur:
• elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
• qaz partlayışı;
• elektrik naqillərində baş verən qısa qapanma;
• su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
• hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.
«Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” üzrə sığorta haqlarının məbləği isə mövcud əmlakın təyinatından asılı olaraq sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan hallar nəticəsində üçüncü şəxs olan fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5000 manat, əmlaka dəyən zərər üzrə isə 50 min manat sığorta təminatı verilir. Yəni yuxarıda qeyd olunan hallar bu və ya digər səbəblər nəticəsində baş verərsə sahibkar üçüncü şəxsə və ya əmlaka görə ödəməli olacağı 5 min manatdan 50 min manata qədər olan əlavə xərcdən azad olmuş olur».
ASA bildirir ki, insanlar və şirkətlər belə sığortanı yalnız hadisə baş verəndən sonra xatırlayrılar: «Təəssüf ki, məhz hadisə baş verdikdən sonra bu kimi halların qaçılmaz olduğu, adı çəkilən sığorta növünün isə vacibliyi aktuallaşır. Sabah baş verə biləcək hər hansı hadisədən zərərli çıxmamaq üçün bu gündən etibarən sığortanlanmalıyıq. Unudulmamalıdır ki, sığorta sosial əhəmiyyət kəsb edib, xərclərin optimallaşdırılması, eyni zamanda risklərin yarada biləcəyi zərərliliyi minimallaşdıran unikal bir maddi müdafiə mexanizmdir. Bu mexanizminin tətbiqi icbaridir».