Qven Börçell – bu ad sizə nəsə deyirmi? Azərbaycanda əksəriyyət bu adı ilk dəfədir ki, eşidirik.
Amma qayğıya ehtiyacı olanlar, xüsusilə uşaqlarla işləyənlər onu yaxşı tanıyırlar.
Qven Börçell – Azərbaycanda indiyədək minlərlə uşağa dəstək olmuş UAFA-nın – Azərbaycana Birgə Yardım Təşkilatının təsisçisidir.
İngilis qızının Azərbaycana səyahəti 23 il bundan əvvəl başlayıb. Keçən əsrin sonlarında Bakıda neft sahəsində işləyən atasının Azərbaycan haqda davamlı olaraq danışdığı real həkayələr onda ölkəmizə sonsuz maraq oyadır və “çox eşitməkdənsə bircə dəfə görmək” prinsipini üstün tutaraq, məmləkətimizə səfər etmək qərarına gəlir.
İlk dəfə 1997-ci ilin payızında Birləşmiş Krallıqdan Azərbaycana cəmi 10 günlük səfər edən Qven Börçell, xeyriyyə, həssas qruplara dəstək sahəsi üzrə olan təcrübəsindən qaynaqlanaraq səfər müddətində həmin təbəqəyə öz kömək etmək istəyini irəli sürür və beləliklə, həyatdakı missiyasını müəyyən etdiyini anlayır.
1998-ci ildə İngiltərədə qeydiyyat işlərini tamamladıqdan sonra, yenidən Azərbaycana geri dönərək maliyyə vəsaiti olmasa da, böyük həvəslə uzun müddətli layihənin, indiyə qədər yüzlərlə şəxsin həyatına müsbət dəyişiklik gətirən UAFA-nın ilkin addımları atılır.
Başladığı ilk layihə Saatlıda məcburi köçkün düşərgəsində yerləşən məktəbdə bərpa işləri olur.
Günlərin birində dostu ona öz oğul övladının köhnə geyimlərini verir və geyimləri yaxınlıqdakı uşaq internat evinə aparmaq təklif olunur. Ziyarət zamanı gördüyü mənzərə onu şoka salır: ac, normal geyimi olmayan, ora-bura qaçan uşaqlar və az qala başlarına uçub-tökülən məkan. Bəziləri valideynsiz, bəziləri isə kasıb valideynlərin uşaqları.
Orada fərqli məsələlərin həllində yardımçı olan kiçik UAFA ailəsi, başlanan bu nəcib işi ölkənin müxtəlif yerlərində yerləşən uşaq internat məktəblərini də əhatə etməklə davam etdirir. 7 ay ərzində ölkədəki bütün uşaq evlərinə ziyarət edib sorğular keçirir. Müxtəlif məhdudiyyətləri olan uşaqların öyrədilmədiyinə görə hətta müstəqil şəkildə ən bəsit özünəqulluq bacarıq-vərdişlərindən başlayaraq ətrafdakı böyüklərdən asılı olmaqla ən böyük zərər görən və əziyyət çəkən qrup olduğu qənaətinə gəlinir.
Müşahidə etdiyi problemləri həll etmək üçün başda Birləşmiş Krallıq olmaqla Avropanın müxtəlif yerlərindən bu sahənin mütəxəssisləri ölkəmizə cəlb olunur.
Beləliklə, bu UAFA-nın indiyə qədər olan davamedici missiyasının əsas başlanma nöqtəsi olur. Missiyası uşaqları dəstəkləmək, onları ailələrində saxlamaq üçün metodlar, həll yolları tapmaqdır.
”İllər öncə başlayanda bizim missiyamız öndə uşaqlar, təhsil, səhiyyə sistemi olmaqla Azərbaycandakı uzun müddətli həyat inkişafına yardım etmək idi. Məqsədimiz, nail olmaq istədiyimiz sosial təsir yerli icmada uşaqların qanunvericilik, ailə dəstəyi kimi xidmətlərin vəhdətini təşkil etməklə onların hüquqlarının qorunmasını təmin etməkdir.” – deyə xanım Börçell təşkilatın başlıca amalını ifadə edir.
Xüsüsilə də yoxsulluğa, əlilliyə və ya icmadan uzaqda yaşadığına görə həyatın normal axarından kənarda qalan uşaqlar əsas hədəf qrupunu təşkil edərək, onların cəmiyyətdəki inkluzivliyinə dəstək vermək üçün işlər görülür.
İnkluzivlik təkcə hansısa çatışmazlıq deyil, ən əsası uşaqları cəmiyyətdən uzaqlaşdıran real faktorlara, səbəblərə diqqət yetirərək, bu maneələrin aradan qaldırılması deməkdir. Bunu əsas götürsək, UAFA-nın başlıca məqsədi və missiyası bütün uşaqların, insanların özlərini cəmiyyətin bir hissəsi kimi hiss etmələri üçün qarşıya çəkilən sədləri, maneələri aşaraq inkluziv mühitin yaradılmasına şərait yaratmaqdır. Bu həyat boyunca davam edən və cəmiyyətin sosial-iqtisadi inkişafını sürətləndirən amilləri özündə birləşdirən uzun müddətli prosesdir.
“Cəmiyyəti dəyişmək istəyiriksə, uşaqlarımıza münasibətimizi dəyişməliyik” – deyərək, xanım Börçel uşaqlıq dövründəki 0-6 yaşın verilən qərarlar, mühüm addımlar, davranış, ümümilikdə həyata baxış tərzi olaraq insan ömrünün qalan hissəsi üçün açar rolu oynadığını və uşaqların fərqliliyini qəbul etməyin nə qədər vacib olduğunu söyləyir.
UAFA komandası tərəfindən əsası qoyulan “Məktəbim” layihəsi də elə məhz bu məqsədə xidmət edir: Uşaqların inkişafını məhdudlaşdırmaq əvəzinə, özlərini daha yaxşı ifadə etməsinə şərait yaratmaq və tolerant, inkluziv cəmiyyətin inkişafına töhfə vermək.
Əlacsızlıqdan az qala ayrılan valideynlər tərəfindən mərkəzə gətirilən serebral iflici uşağın hekayəsi, indiyə qədər davam edən, Gəncədə UAFA-nın ilk icma əsaslı reabilitasiya mərkəzinin yaradılmasına səbəb olur.
Vaxt keçdikcə bu cür mərkəzlər ölkənin müxtəlif nöqtələrində açılmağa başlayır və uşaqların reabilitasiya oluna biləcəyi, valideynlərin həm mütəxəssislər tərəfindən dəstək ala biləcəyi, həm də başqa valideynlərlə görüşüb biri-birilərinə qarşılıqlı dəstək, empatiya hissi göstərə biləcəyi mərkəzə çevrilir.
Lakin, bu, uşaqlara ehtiyacı olan qayğını və valideynlərə lazım olan dəstəyi göstərmək üçün kifayət deyildi. Uğura aparan yolda qarşıya çıxan çətinliklər və aparılan davamlı müşahidələr erkən müdaxilə üçün uşaq-inkişaf və inkluziv məktəbəqədər xidmətlərin yaradılmasına təkan verirdi.
Verilən qərarlar uşaqlar və valideynlərin fərdi ehtiyaclarını nəzərə alıb, onlara hərtərəfli dəstək göstərmək, uşaqları valideynlərindən ayrı şəkildə mərkəzlərdə deyil, elə ailəsi ilə yaşayıb, normal həyata inteqrasiya olunmasına kömək etmək və müstəqil, sosial, fərdi şəxs kimi inkişaf etmək hüququnun təmin edilməsini hədəfləyirdi.
2013-2014-cü illərə qədər yalnız əldə olunan qrantlarla öz maliyyəsini təmin edən UAFA təşkilatında xidmətlərin davamlı olmasına nail olmaq məqsədini başlıca amil kimi düşünərək, təşkilatı sosial müəssisəyə çevirmək ətrafında müzakirələrə başlanılır. Beləliklə, 2014-cü ildə UAFA-nın məhdudiyyəti olan uşaqlar üçün yaradılan ilk sosial müəssisəsi işə başlayır.
Hər il sosial müəssisənəni idarə etmək üzrə öz yanaşmasını təkmilləşdirən, təcrübəsini genişləndirən UAFA, hal-hazırda artıq inkişaf etməkdə olan, ”Məktəbim”, ”Enjoy Chocolates”, ”CHED Proqramı” adlı üç sosial müəssisəyə sahibdir və dövlətlə birgə əməkdaşlıqda əldə edilən maliyələşmə əsasında digər xidmətləri də müvafiq olaraq həyata keçirir.
Qven Börçel, ötən əsrin 70-ci illərində Banqladeşdə yaradılan, təhsil, səhiyyə, gender bərabərliyi, sosial rifahın inkişafını özündə birləşdirən, dünyanın ən böyük qeyri-hökümət təşkilatı – ’BRAC’’-ın təkilf etdiyi inkişaf modeli onu ilhamlandıran dünya təcrübəsi olduğunu söyləyir və yoxsulluqla əlilliyin bir-birinə bağlı şəkildə cərəyan etdiyini diqqətimizə çatdırır.
Sevindirici haldır ki, UAFA təşkilatı bu təcrübənin Azərbaycanda tətbiq edilməsinə doğru inamla irəliləyərək, ailələrin əlillik sahəsinə tibbi-cərrahi deyil, sosial aspektdən yanaşması üçün agahlıq, məlumatlanma səviyyəsini artırmağa yönələn işlər də görməkdədir. Odur ki, UAFA Sosial Sahibkarlıq layihəsi Yoxsulluq və Əlilliyin biri-biri ilə əlaqəsini görərək ailələr, uşaqlar və ya gənclərə həm yoxsulluqla mübarizədə, həm də səmərəliliyinin artırılımasında onlara dəstək olmağa çalışır.
UAFA-nın Təsiçisi və Direktoru Qven Börçell, 2004-cü ildə ”Azərbaycanda Xüsusi Təhsil sahəsindəki xidmətləri”nə görə ”MBE” Ordeninə layiq görülür və şəxsən Birləşmiş Krallığın Kraliçası tərəfindən təltif edilmişdir. Bundan savayı, 2012-ci lldə Birləşmiş Krallıqda Sosial Dəyişiklik İdarəsi tərəfindən təsis edilmiş “Influencer” Mükafatının ikincisidir.
Qven Börçell, UAFA-nın ‘’Məktəbim’’ layihəsinin 14 region, 60 kənddə 1500 uşağı əhatə etməklə inkluziv məktəbəqədər müəssisəsinin uğurla davam etdiyini fərəhlə söyləyərək qeyd edir:
“Missiyamız gələcəkdə minlərlə məktəbəqədər müəssisənin açılmasıyla hər bir uşağın layiq olduğu mövcud imkanlara əl çatanlığını təmin etməkdir’’
Arzu Ismayılova, Ərşad Məmmədov
Yazı “Education HUB” Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirmir. Məzmun Education HUB-a məxsusdur.”