Azərbaycanda təyyarəyə görə böyük məbləğdə sığorta ödənişi həyata keçirilib. Söhbət “İpək Yolu Sığorta” şirkətindən gedir.
“MediaPost”un sığorta şirkətindən əldə etdiyi məlumata görə, yük təyyarəsinə dəyən ziyan üzrə 1 milyon 316 min manat sığorta ödənişi həyata keçirilib və əsasən təmir xərclərinə yönəldilib: “Sığorta ödənişi yük təyyarəsinin mühərrikinin zədələnməsi nəticəsində çəkilən təmir və material xərcləri ilə bağlı olub”. Şirkətin idarə heyətinin sədri Niyazi İmanov “MediaPost”a bildirib ki, sığortalanan təyyarələr bahalıdır. Adi bir quşun və ya digər yad cismin mühərrikə düşməsi böyük ziyana səbəb ola bilir. Yəni, sözü gedən hadisə hər hansı bir təyyarə qəzası ilə bağlı deyil, mühərrikə dəyən ziyan üzrə ödənilib. Bununla belə, sığorta şirkəti təyyarənin hansı şirkətə məxsus olmasını açıqlamayıb.
Qeyd edək ki, “İpək Yolu Sığorta” Azərbaycanda hava nəqliyyatı vasitələrini sığortalayan yeganə şirkətdir. ASC-nin səhmlərinin 38,74%-i – Cəmilə Əsgərova, 38,74%-i – Məlahət Əsgərova, 19,05%-i – “Silk Vey Aviaşirkəti” və 3,47%-i isə AZAL-a məxsusdur.