Almaniyada yaşayan jurnalist Tünzalə Rafiqqızı Mönxenqladbax şəhərində keçiriləcək “İnteqrasiya Şurası” seçkilərində iştirak edəcək. Bu barədə Xeber.de-yə jurnalist özü məlumat verib. Onun sözlərinə görə, yaşadığı Mönxenqladbax şəhərində sentyabrın 13-də keçiriləcək seçkilərə hazırlıqlar tamamlanıb: ““İnteqrasiya Şurası” seçkilərinə biz 17 nəfərdən ibarət “Sərhədsiz cəmiyyət” adlı komanda ilə gedirik. “İnteqrasiya Şurası” xarici vətəndaşların haqq və hüquqlarını müdafiə edən bir qurumdur. Almaniyada yaşayan əcnəbilərin hansı sahələrdə əziyyət çəkməyindən aslı olmayaraq bu platformada bütün gücümüzlə onlara yardım edəcəyik. Məsələn, xarici vətəndaşların dövlət qurumlarında əziyyət çəkdikləri irqçi rəftar və münasibətlər, uşaqlarımızın təhsil müəssisələrində üzləşdikləri problemlər və s. Heç bir partiya və ya qurumla əlaqəsi olmayan müstəqil siyahı yaratmağa diqqət yetirdik. Heç bir qurumun və ya siyasi partiyanın təsiri və ya müdaxiləsinin olmasını istəmirdik. Namizəd olan dostlarımız da fərqli inanc sahibi, fərqli millətlərin nümayəndələridir”.
T.Rafiqqızının sözlərinə görə, Mönxenqladbax şəhəri kiçik olmasına baxmayaraq Şimali Reyn Vestfaliya əyalətində miqrantların ən çox yaşadığı şəhərlər sırasındadır.
“Miqrantların alman cəmiyyətinə inteqrasiyası sahəsində problemlər qalmaqdadır. Uğurlu inteqrasiya olunan miqrantların iş həyatına başlaması da elə asan deyil. Təəsüflər olsun ki, onlar çox vaxt irqçi münasibətlərlə üzləşirlər. Bunun səbəbləri sırasında miqrantların öz hüquqlarını bilməməsi gəlir”– deyə T.Rafiqqızı bildirib.