Sentyabrın 19-u Braziliyanın aparıcı Rebe telekanalında yayımlanan “Por Brasilia” (Braziliya ətrafında) proqram çərçivəsində səfir Elxan Poluxovun Azərbaycana həsr edilən müsahibəsi yayımlanıb.
Azərbaycanın Braziliyadakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, öz müsahibəsində E.Poluxov Braziliya ilə Azərbaycan arasında əlaqələrin qurulması tarixi, ölkələr arasında ikitərəfli və çoxtərəfli sahədə əməkdaşlıq və onun perspektivləri, inkişaf etdirilməsi tələb edən iqtisadi əlaqələrin potensialından danışıb.
Həmçinin, müsahibədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri, son zamanlar bu ölkənin aqressiv ritorikası və beynəlxalq aləmin buna reaksiya verməməsi məsələlərinə də toxununlub.
Müsahibədə səfir ölkəmizdə COVİD – 19 pandemiyası ilə aparılan mübarizə və bunun müsbət nəticələri, ölkə rəhbərliyinin bu məsələyə verdiyi xüsusi diqqət və Prezident İlham Əliyevin beynəlxalq səviyyədə bu virus ilə mübarizə istiqamətində atdığı addımlar və qaldırdığı təşəbbüslər və onlara xaricdə verilən geniş dəstək haqqında danışıb.
Qeyd edək ki, bu müsahibə Rebe TV-də ölkəmizə həsr edilən “Azərbaycan diqqət mərkəzində” adlı silsilə proqramların ilk hissəsi olub. Bu proqram hər həftənin şənbə günləri efirə çıxır və bazar günü təkrarlanaraq, həmçinin, sosial şəbəkələr vasitəsi ilə də yayımlanır.