Hər gün saytlarda bir xəbər oxuyuram.”Filan rayonda kişi arvadını, xəyanətə görə öldürdü”
Nədir bu aqressiya, nədir bu vəhşilik? Hər gün kimsə arvadını və ya sevgilisini ya öldürür ya da ölümcül yaralayır. Hətta ayrıldıqdan sonra belə qətillər, zorakılıqlar səngimir.
Azərbaycan kişisi üşün bu mövzuda uşaqlıqdan, baxçadan xüsusi və ayrıca təlim-tərbiyə proqramı ayrılmalıdır.
Şəxsən mənim həyat yoldaşım, sevgilim mənə xəyanət etsə, çox normal qarşılayaram. Demək ki, görüşdüyü insan ilə ona daha xoşdur nəyinki mənlə.Burda qeyri-adi nə var ki? Səhvi özümdə axtararam, harda və necə yalnışlıqlar etdiyimi analiz edərəm, ondan soruşaram.
Sakit, mədəni şəkildə onunla ayrılaram. Və ayrıldıqdan sonra o istəyərsə onunla dost qalaram. Oturub söhbət edərəm, maraqlanaram ki, görüşdüyü insanda nələr tapdı ki, məndə tapa bilməyib. Onun seçiminə hörmət edərəm…bu onun həyatıdır, hisslərdir, zövqlüdür, istəyidir.
Onun zövq aldığı, istədiyi nələrdənsə onu niyə məhrum edim ki?
Kimləsə xoşbəxtdirsə niyə mıx kimi onun qarşısını kəsim?
Gedib rahat özünə necə və kimlə xoşdursa onunla da yaşasın.
Bu qədər sadə məsələdir bu.
Azərbaycan insanı boşanmağı və yenidən ailə qurmağı və ya kimləsə bir yerdə yaşamağı qlobal problemə çevirib. Ay balam biri ilə alınmadı get başqası ilə yaşa, onunla da alınmadı bir başqasın tap. Dünyada 7 milyard insan var…
Elm var, genetik xüsusiyyət var, təkamül var.İnsan monogam canlı deyil. (Yəni həyatı boyu yalnız biri ilə olmaq) Hisslər zamanla dəyişir, hər kəs 10 il öncə düşündüyü kimi düşünmür. İnsanın zövqü də həyata baxışı da, xarakteri də, intim hissləri də, qarşı tərəfdən istəkləri də dəyişir. Buraxın adamlar öz həyatın yaşasın.
Dahi Tolstoy bunu yüz illər öncə yazıb. Elə buna görə də o boyda nüfuz, ad san, şöhrət sahibi olan Aleksey Kareninə, qadını Anna xəyanət edərkən, buna radikal yanaşmır.
Evlənib ayrılmağı sadə, sivil bir həyat tərzinə çevirmək lazımdır. Bütün dünyada olduğu kimi.Və ya Azərbaycan insanı anlamalıdır və arxaik, qəbilə-tayfa adətlərindən azad olub evlənmədən də, toy olmadan da, xonça, cehiz, xınayaxdı olmadan da bir yerdə yaşamağı öyrənməlidir.
İnsanların bir yerdə yaşaması üçün, övlad dünyaya gətirməsi üçün bütün nəslin 6 saat oynamasına və bu 6 saat oynamağa 1 il hazırlanmasına ehtiyac yoxdur.
Eynən də, iki şəxsin artıq bir yerdə yaşamaq istəmədiyinə görə ayrılması üçün bütün nəslin bir-biri ilə qanlı düşmən olmasına, kişinin qatıl, cinayətkar olmasına nə ehtiyac var?
©Şəhriyar Məhərrəmov