Səidə xanım Fətullazadənin Facebook sosial hesabından paylaşdıgı bir yazı diqqətimi cəlb elədi.
Yazı ilə tanış olarkən belə nəticəyə gəldim ki, Səidə xanım son günlər bir-birinin ardınca baş verən sui-qəsd hadisələrindən təsirlənərək bu yazını hazırlayıb.Ən əsas da 20 yaşlı Sevilin valideyinləri ilə yaranmış konflikt nəticəsində həyatına qəsd etməsi xəbəri yayıldıqdan sonra, Səidə xanımın valideyin – övlad münasibətlərinə həsr etdiyi bu yazının hazırlanması təbii görünə bilər.
Olduqca maraqlı, həm də mübahisə yaradacaq bir yazıdır.
Heç bir dəyişiklik etmədən yazını diqqətinizə təqdim edirəm.
Uşaq vaxtından beynimizə o qədər yürüdüblər ki, “valideyn müqəddəsdir”.
İllərlə ancaq şəxsiyyət olmağı yox, qul olmağı öyrənmişik. “Böyük nə dedisə odu”. Bu kəlmə ilə uşaqlığımızı, cavanlığımızı hətta uşaqlarımızın da uşaqlığını məhv etmişik. Hələ də uzaqdan bir nəsil idarə edən nənələr var. Heç milyonları olan şirkət sahibləri ehtiyacı olan işçiləri elə idarə edə bilmir.
Valideynlik uşağın sənin qanından olması ilə deyil. Ögəy valideyn doğmadan daha müqəddəs olur bəzən. 17 yaşında uşaq dünyaya gətirən nənələr 20 yaşında qızın sevgi yaşamasını qınayır. Bədbəxt ölkəmizin bədbəxt qadınlarıdır. Öz həyatlarında yaşaya bilmədikləri xoşbəxtliyi övladının yaşamasından qorxur. Onu da öz bədbəxtçiliyinin qurbanı edir.
Namusu da saatla ölçürlər. Qadın evə gec gələndə namussuz olurmuş.
Valideynlik bir vəzifə deyil, onun təlimatları yoxdur. Yemək yedizdirdim, paltarını yudum, üstünü örtdümlə valideynlik olmur. Hər an həyat təlimatdan kənara çıxa bilər. O zaman “vəzifə təlimatımda bu yox idi və işdən çıxıram” deyib qaça bilmərsən. Bu böyük məsuliyyətdir. Çox sınaqları var və hər sınaqları keçmək məcburiyyətindəsən. Burda müqavilə ömürlük bağlanır və istədiyin vaxt xitam edə bilmərsən.Müstəqil qərar verə biləcək, səhvlərini sizə etiraf etmək cəsarətində olan, uşaqlığını doya doya yaşayan, gəncliyində xoşbəxt olmağı bacaran, uğursuzluqlarında sizin dəstəyinizi hiss edən, uğurlarını sizinlə bölüşən şəxsiyyətlər böyüdün. Bunun üçün savadlı, imkanlı olmağa ehtiyac yoxdur.
Eqonuzu kənara qoyub insan olun yetər.
O zaman müqəddəs valideyn ola bilərsiniz.
P.S. Övladlarınızın uşaqlığını, gəncliyini öldürmüyün. Onları dünyaya gətirməyiniz onları öldürməyinizə də haqq vermir…