Bizim məqsədimiz odur ki, şəhərimizi gözəlləşdirək, dayaqlı reklamların çox olması isə gözəllik deyil. Əvvəllər şəhərin bəzi yerlərində arda-arda, pərakəndə şəkildə dayaqlı reklam lövhələri qoyulmuşdu. Belə olanda reklamın dəyəri də aşağı düşür. Böyük şirkətlər elə yerlərdə reklamlarını vermirlər. Bu şirkətlər istəyirlər ki, onların reklamları yaxşı yerdə, reklam lövhəsi az olan ərazidə olsun.
FED.az-ın məlumatına göər, bunu Trend-ə açıqlamasında Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov deyib.
Direktorun sözlərinə görə, Agentlik tərəfindən 2018-ci il ərzində min ədəd dayaqlı reklam lövhəsi sökülüb: “Dayaqlı reklamların sayı iki minə yaxın idi. Sökülən lövhələr yararsız idi, yəni texniki şərtlərə uyğun gəlmirdi, şəhərin gözəlliyini korlayırdı. İndi artıq yeni konstruksiyalar quraşdırmağa başlamışıq. Heydər Əliyev prospektindən “Azneft” dairəsinə qədər ölçüsü 8-10 kv. metr olan yeni dayaqlı reklam lövhələri quraşdırmışıq.
Köhnə lövhələr həm də təhlükəli və ölçüləri böyük idi. Şəhər mərkəzində ölçüsü 10 kv. metrdən çox olan reklam konstruksiyaları olmamalıdır. Köhnə lövhələrin ölçüsü isə 18 kv. metr idi. Belə ölçülü lövhələr küçələrə də uyğun gəlmir. Çünki küçə ensiz, reklam lövhəsi isə böyükdür. Bu cür reklam lövhələri adətən şəhərkənarı, magistral yollarda quraşdırılır. Hazırda 60 yeni dayaqlı reklam lövhəsi quraşdırmışıq. Bu ilin sonuna qədər yeni reklam lövhələrinin sayını 300-ə çatdırmaq niyyətindəyik. Yəni mərhələ-məhrələ min ədəd sökülən reklam lövhələri yeniləri ilə əvəz olunacaq”.