Bu gün Facebook sosial şəbəkəsində, tanınmış iqtisadçı və telekanallarımızın iqtisadçı eksperti Eldəniz Əmirovun bir statusu diqqətimi cəlb elədi.Dəyərli Eldəniz müəllim insanları xarakter və psixoloji durumuna görə yeddi qrupa bölərək, hər bir qrupun xarakterik açılımını verir.
Statusu oxuduqca, ətrafinda olan insanları bu qruplar üzrə bölüşdürmək kimi bir həvəs yaranırr. Filan dostum bu qrupa aiddir…Bu qohumum o biri qrupa uyğun gəlir… Qonşum isə tamam başqa qrupun nümayəndəsidir… Və istər istəməz, özünü də hansısa qrupa aid edirsən. Ancaq bu işdə hər kəs nə qədər səmimidir,yalnız özü bilir…
Eldəniz Əmirovun statusunu olduğu kimi diqqətinizə çatdırıram.
Oxumaqda bir fayda var… Buyurun…
1.Var qorxaqlar. Nə qədər kürəyinə yük qoysan dillənməz. Dillənənlərə qulaq asar, yazılanları oxuyar, urəyində bəyənər, amma gizlənər, biruzə verməz.
2. Bir də var yaltaqlar. İnsan anadan belə doğulub, dəyişə bilməz. Mütləq yaltaqlanmaq üçün özünə birini tapacaq, əks halda rahatlıq tapmazlar.
3. Bir də ədalətlilər var. Onlar o qədər ədalətlidirlər ki, çox yaşaya bilmirlər. Öz prinsipləri özlərinə ölüm gətirir. Ədalətin olmadığı dünyada hiper ədalətli olmağa çalışmaq öz boğazına kəndir salıb, intihar etmək kimi bir şeydir.
4. Elələri də var ki, ədalətə doğru getməyə çalışır. Bu ədalətə o qədər yaxınlaşır ki, həmin yerdə artıq intihar kəndiri görünür və o artıq ayaq saxlayır. Bilir ki, bu yerdən o tərəf intihardır və o bilir ki, onsuz da onun intiharı ilə ədaləti bərpa edə bilməyəcək. Ona görə də gücü çatan qədər ədalətli olmağı seçir.
5.Yaranışdan muxalif ruhlu doğulanlar var. Adam hər şeyə qarşıdır. Ona bacarığını göstərmək üçün su üzərində qaçmağı öyrənsən də o yenə qışqıracaq ki, sən bacarıqsızsan, üzməyi bacarmırsan. Beləsini heç vaxt heç kim məmnun edə bilməz. O hər şeyə müxalifdir, daim hayqırır.
6. Hayqırmadan qulp qoyanlar da var. Onlar hayqırmaz. Çünki əllərindən heç bir iş gəlməz. Bir faydalı fəaliyyətlə məşgul olmaz, hərəkət etməz, dillənməz, yazmaz, pozmaz, Sadəcə başqalarının edə bildiklərinə qulp qoyar.
7. Bir də var neytrallar. Onlar çox azdır. Həqiqətən o qədər neytraldırlar ki, müharibənin belə kimin udmasına sevinə və ya kədərlənə bilmirlər. Adamın təbiəti bu, qınamaq olmur.
– 5-cilərdən həmişə uzaq qaçmışam
– 7-cilər çox deyil. Amma çox görünürlər. Çünki, 1-cilər həmişə özünü 7-cülər kimi göstərməyə çalışır.
– 3-cülərə yazığım gəlir. Barmaqları ilə su üzərində yazı yaza bilməyəcəklərini dərk etmirlər.
– 4-cülər cəmiyyət üçün daha faydalıdır.
– 6-cılar isə planetdəki ən böyük bakteriyalardır.